Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarma qrafikləri tərtib olunacaq və sudan istifadə həmin qrafiklər əsasında həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranan vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir.
Bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Nazirliyin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadə edənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.
Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra qeyd olunan qurumlar tərəfindən təsdiq olunaraq nazirliyin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir.
Suvarma qrafiki saytda yerləşdirildikdən sonra tətbiq edilir.