Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində "COVID-19" pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır. Bakı Media Mərkəzindən APA-ya verilən xəbərə görə, layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.
Layihə çərçivəsində "COVID-19" virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi Instagram səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.
Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF Azerbaijan Instagram səhifəsində təqdim olunacaq foto, qrafika və video materiallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.
Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.