“Azərreyl” Yaponiya yığmasının üzvünü transfer etdi

“Azərreyl” Yaponiya yığmasının üzvünü transfer etdi
# 01 iyun 2012 07:43 (UTC +04:00)
Bakı – APA. “Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Yaponiya yığmasının liberosu Akiko İnonun keçidini həll ediblər.

Polşalı Paulina Maj, ardınca italiyalı Paola Kardullo Bakı təmsilçisinin təklifinə “yox” desə də, asiyalı libero Azərbaycanda oynamağa razılıq verib. O, 1 illik müqaviləyə imza atıb.

Azərbaycan 27 yaşlı voleybolçunun karyerasında ikinci ölkə olacaq. Belə ki, İno Bakı klubunu seçənə kimi 2 il (2007-2009) Fransa “Kann”ında oynayıb və hər 2 mövsümdə ölkə çempionluğunu və kubokunu qazanıb.

Yığmasının heyətində dünya çempionatının bürünc medalını qazanan 168 sm boya malik libero, həmçinin vətənində “Hitaçi” (2005-2007) və “Red Roskets” (2009-2012) klublarının şərəfini qoruyub.

2006-cı ildən Yaponiya millisinin şərəfini qoruyan Akiko yığmada “İqtisadçı”nın sabiq liberosu Yuka Sanonun əvəzləyicisi hesab olunur.

Qeyd edək ki, “Azərreyl” İnodan öncə Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) anlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR