Bakı – APA. Son 2 mövsümü “Rabitə” klubunda oynayan polşalı ulduz Katarjina Skovronska karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 32 yaşlı universal voleybolçu bu gün Vrotslavın “İmpel” klubu ilə müqavilə bağlayıb.
Razılaşmaya əsasən Skovronska növbəti mövsümü bu komandada keçirəcək.
“Rabitə” ilə 2 dəfə Super Liqanın qalibi və 1 dəfə Çempionlar Liqasının gümüş medalçısı olan polşalı vətəninə qayıtdığı üçün sevincini də gizlətməyib: “Vrotslav təmsilçisinin heyətinə keçdiyim üçün şadam. Mənim üçün çox vacib idi ki, komandanın konsepsiyası olsun. Bu klubun mənə yaxın olan Vrotslavı təmsil etməsi də qərarımda rol oynadı. Müxtəlif ölkələrdə çempion olsam da, Polşa komandası ilə bu sevinci yaşamamışam. Vətənimdə ölkə çempionu olmaq istəyirəm. Həm də artıq evimə yaxın yerə qayıtmağın vaxtı idi”.
Qeyd edək ki, Skovronska 2013/2014 mövsümündə Azərbaycan çempionatının bombardiri də olub.