Səkkiz məqamla tarix yazan “Neftçi” mütləq rekorda hazırlaşır

Səkkiz məqamla tarix yazan “Neftçi” mütləq rekorda hazırlaşır
# 02 avqust 2019 11:45 (UTC +04:00)

Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ını üç cavabsız qolla məğlub edib.

APA-nın məlumatına görə, Tula təmsilçisini səfərdə 1:0, Moldova “Speranta”sını bundan əvvəlki raundda 3:0 və 6:0 hesabı ilə üstələyən bakılılar uğurlu seriyalarını davam etdirməyi bacarıblar.

Bununla da Azərbaycanın ən titullu klubu özünün və ölkə futbolunun tarixinə bəzi rekordlar yaza bilib. Görüş təkcə rekordlar deyil, həm də yubileylərlə əlamətdar olub.

20-ci qələbə. “Neftçi” avrokuboklar tarixində özünün 20-ci qələbəsini qazanıb. Bu göstəricidə Azərbaycan klubları arasında ikinci olan bakılılar yalnız “Qarabağ”dan geri qalır. Paytaxt təmsilçisi yubiley qələbəsini 62-ci matçında əldə edib.

200-cü qol. Azərbaycan klubları Avropa Liqasında 200-cü qolunu vurub. Bu qolun müəllifi Dario Frederiko olub. Turnirin yeni format və adla keçirildiyi 2009-cu ildən indiyədək 182 matç keçirən təmsilçilərimiz ümumilikdə 201 dəfə fərqlənib.

Mövsümdə 4 qələbə. “Neftçi” öz tarixinin rekorduna imza atıb. Bakı klubu indiyədək heç vaxt bir mövsümdə 4 qələbə qazanmayıb.

Ardıcıl 4 qələbə. “Neftçi” ardıcıl qələbə sayını 4-ə çatdırmaqla klub tarixinin rekordunu vurub. Paytaxt təmsilçisi indiyədək Azərbaycanda yalnız iki klubun bacardığını təkrarlamaqla ölkənin rekorduna şərik çıxıb. Bunadək “Qarabağ” 2011-13, “İnter” 2013-14-cü illərdə ardıcıl 4 dəfə qalib gəlib. Avqustun 8-də “Bney Yehuda” (İsrail) üzərində qələbə qazanılsa, mütləq Azərbaycan rekordu rəsmiləşəcək.

Ardıcıl 4 quru oyun. “Neftçi” avrokuboklarda quru seriyasını 4-ə çatdırmaqla klub rekordunu yeniləyib. “Ağ-qaralar” həm də Azərbaycan rekordunu təkrarlayıb. Bunadək “İnter” 2015-17, “Qarabağ” 2018-ci ildə ardıcıl 4 matçda qol buraxmamışdı. Artıq gələn həftə bakılılar mütləq rekordçu ola bilər. Bunun üçün “Bney Yehuda”dan qol buraxmamaq kifayətdir.

Ardıcıl 4 quru hesablı qələbə. “Neftçi” avrokuboklarda ardıcıl 4 quru hesablı qələbə qazanan ilk Azərbaycan komandasıdır. Bunadək heç bir klubumuz bunu bacarmayıb.

Mövsümdə 3 böyükhesablı qələbə. “Neftçi” cari mövsümdə 3-cü dəfə rəqibini böyükhesabla məğlub edib. Bu, Azərbaycan futbolu tarixində yeni rekorddur. İndiyədək bir komanda mövsümdə ən çoxu 2 belə qələbə əldə edib. “Qarabağ” 2011 və 2018-ci illərdə bunu bacarıb.

Evdə ardıcıl 2 böyükhesablı qələbə. “Neftçi” ardıcıl ikinci ev oyununda böyükhesabla qələbə qazanıb. “Bakcell Arena”da baş tutan mövsümün hər ikisi matçını darmadağınla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR