Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay və Ağdaş rayon polis şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin rejim qaydalarını pozan şəxslərə yenə də rast gəlinib. Belə ki, Göyçayda keçirilən reyd zamanı karantin rejimini pozan 24 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxslər karantin rejimi qaydalarını pozaraq heç bir zərurət olmadan və 8103-ə SMS göndərmədən küçədə gəzərkən saxlanılıb. Həmçinin, polisin qanuni tələbinə məhəl qoymadan əməllərini davam etdirdiyinə görə saxlanılan bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs inzibati həbs edilib.
Bundan əlavə, rayonda fəaliyyətini davam etdirən 2 bərbərxana sahibi cərimələnib.
Ağdaş rayonunda da küçədə icazəsiz hərəkət edən şəxslər barəsində qanunauyğun tədbirlər görülüb, 26 nəfər barəsində protokollar tərtib edilib.