Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 302,3 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki 2014-cü illə müqayisədə maşın və avadanlıqların istehsalı 28,5%, sair nəqliyyat vasitələrinin istehsalı 5,4% azalıb, avtomobil və qoşquların istehsalı isə 4,6% artıb.
Belə ki, ötən il Azərbaycanda 728 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü illə müqayisədə 60,9% azdır. Nəticədə bu ilin yanvarın ayının 1-nə 209 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən il ərzində ölkədə 385 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki illə müqayisədə 35,6% çoxdur. Nəticədə bu ilin yanvarın ayının 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, ötən 2015-ci il ərzində 668 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin yanvarın 1-nə 92 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən il ərzində 955 ədəd traktor istehsal edilib ki, bu da 2014-cü ilin 12 ayı ilə müqayisədə 24,5% azdır. Nəticədə bu ilin yanvarın ayının 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.