ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp atasının Suriyanın Şayrat aviabazasına raket zərbələri endirilməsi barədə qərar qəbul etməsinə təsir göstərib.
APA-nın xəbərinə görə, bu barədə "İndependent" qəzeti məlumat yayıb. Qəzet yazır ki, İvanka Tramp Suriyanın Xan Şeyxun şəhərinə qaz hücumu nəticəsində ölü və yaralananların görüntülərindən dəhşətə gəlib. Məlumata görə, o, Ağ Evdə qəbul edilən qərara təsir edib və nəticədə ABŞ-nın reaksiyası gözləniləndən daha güclü olub.
Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-nə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.