Bakı. Ramiz Mikayıloğlu-APA. Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qaydalar Dövlət Miqrasiya Xidmətində, habelə ona məxsus elektron informasiya ehtiyatlarında mövcud olan informasiyaların hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsinin təmin olunması üçün Xidmətin daxili icraat qaydalarını tənzimləyir.
İndiyə qədər informasiyanın əldə edilməsinə o şərtlə icazə verilib ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Bu gündən qüvvəyə minən dəyişikliyə əsasən bu sahədə şərtlərin sayı artırılıb. İnformasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti öz informasiya ehtiyatlarından hər bir şəxsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu “İnformasiya əldə etmək haqqında” qanun ilə müəyyənləşdirilmiş qaydada təmin edir. Xidmət informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə informasiya azadlığı üzrə məsul şəxs təyin edir. Xidmət informasiya azadlığı üzrə məsul şəxs vasitəsilə Xidmət tərəfindən informasiya xidmətinin göstərilməsinə nəzarət edir.