Gürcüstan rəhbərliyi Sxinvaliyə gürcü ordusunun nəzarət etdiyini bildirir

Gürcüstan rəhbərliyi Sxinvaliyə gürcü ordusunun nəzarət etdiyini bildirir
# 09 avqust 2008 13:34 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan parlamentinin sədri David Bakradze Sxinvali şəhərinin gürcü hərbçilərindən tamamilə azad edildiyinə dair Rusiya tərəfinin bəyanatlarını təkzib edib. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, parlamentin növbədənkənar iclasında çıxış edən D. Bakradze Gürcüstanın ordu hissələrinin daha əvvəl nəzarətə götürdükləri bütün mövqeləri nəzarətdə saxladığını bildirib: “Gürcü qoşunları Sxinvaliyə, ətrafdakı strateji yüksəkliklərə, eləcə də Cav və Rok tuneli istisna olmaqla, bütün Cənubi Osetiyaya nəzarət edir”. D. Bakradzenin sözlərini Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya da təsdiqləyib. Prezident Mixail Saakaşvili isə deyib ki, belə olmasaydı, ötən sutka ərzində Sxinvalinin Rusiya ordusu tərəfindən bombalanmasına ehtiyac qalmazdı: “Əgər onlar Sxinvaliyə nəzarət edirlərsə, onda niyə şəhəri bombalayırlar? Halbuki dünən rus qoşunlarının şəhərə daxil olduğunu deyirdilər”. M. Saakaşvili Sxinvalinin şimal hissəsində döyüşlərin getdiyini söyləyib. O, münaqişə zonasında 1500 nəfərin öldüyünə dair xəbərləri də təkzib edib: “Belə məlumatları gürcü hərbçilərinin dinc sakinləri öldürdüyü barədə təsəvvür yaratmaq məqsədilə yayırlar. Biz yaraqlılardan başqa heç kimi öldürməmişik. İtkilər bizim nəzarətimizdə olan və qarşı tərəfin intensiv şəkildə bombaladığı zonalarda olub”.
Gürcü-osetin münaqişəsi zonasındakı sülhməramlı qüvvələrin komandanının köməkçisi Vladimir İvanov isə Sxinvalidəki gürcü hərbçilərinin təslim olduğunu və öz mövqelərini tərk etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR