AŞPA həmməruzəçiləri Gürcüstana səfərin nəticələrinə dair bəyanatla çıxış ediblər

AŞPA həmməruzəçiləri Gürcüstana səfərin nəticələrinə dair bəyanatla çıxış ediblər
# 22 avqust 2008 13:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Parlament Assambleyasının Gürcüstan üzrə həmməruzəçiləri Matyas Eörsi (Macarıstan) və Kastriot İslami (Albaniya) bu ölkəyə səfərlərini yekununa dair bəyanatla çıxış ediblər. Bu barədə APA-ya Avropa Şurasının Bakı nümayəndəliyindən məlumat verilib. Bəyanatda bildirilir ki, 21-ci əsrdə Avropa Şurasının üzv bir dövləti digər üzv dövlətinin ərazisini zəbt etməsi təsəvvür edilməzdir: “Gürcüstanın bir hissəsinin Rusiya tərəfindən işğalı, həmçinin onun nəzarəti altında olan ərazilərdə insan hüquqları pozuntuları qəbul edilməzdir və cəzasız qala bilməz. Rusiya atəşkəs sazişinə tam şəkildə əməl etməli və dərhal qoşunlarını münaqişədən əvvəlki mövqelərə geri çəkməlidir. Bundan başqa Rusiya birdəfəlik Gürcüstanın iqtisadi infrastrukturunu əsassız şəkildə dağıtmağa son qoymalıdır, buna heç cür bəraət qazandırmaq olmaz. Beynəlxalq qanunvericiliyə görə, Rusiya işğalçı tərəf kimi öz nəzarətində olan ərazilərdə bütün şəxslərin təhlükəsizliyi, əmin-amanlığı və insan hüquqlarının qorunmasına görə tam məsuliyyət daşıyır”. Qeyd edək ki, həmməruzəçilərin Gürcüstanda səfərlə bağlı hesabatı AŞPA-nın payız sessiyasında müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR