Viktor Yuşşenko Yuliya Timoşenko-Viktor Yanukoviç ittifaqını dövlət çevrilişi cəhdində ittiham edib

Viktor Yuşşenko Yuliya Timoşenko-Viktor Yanukoviç ittifaqını dövlət çevrilişi cəhdində ittiham edib
# 12 sentyabr 2008 09:21 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko prezident Viktor Yuşşenkonu öz komandası ilə birlikdə demokratik koalisiyaya qayıtmağa çağırıb. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Y. Timoşenko bəyanatında bildirib ki, bir neçə gün ərzində (sentyabrın 16-na qədər) V. Yuşşenkonun bloku koalisiyaya qayıtmasa, koalisiya qanunla dağılmış sayılacaq: “Mən şəxsən Viktor Yuşşenkoya müraciət edirəm: bütün emosiyaları, prezident seçkiləri uğrunda mübarizəni təxirə salın və qalan bir neçə gün ərzində hər hansı tələb, ultimatum olmadan demokratik koalisiyaya qayıdın”.

Prezident isə parlamentdə Yuliya Timoşenko bloku ilə Regionlar Partiyası arasında de-fakto formalaşdırılmış koalisiyanın hakimiyyət səlahiyyətlərini bölüşdürmək yolu ilə dövlət çevrilişi ssenarisini həyata keçirdiyini bəyan edib. O, aparıcı regional nəşrlərin baş redaktorlarına müsahibəsində sentyabrın 2-də Ali Radada baş vermiş hadisələri (“Yuliya Timoşenko” bloku, Regionlar Partiyası və Kommunist Partiyasının səsləri ilə prezidentin səlahiyyətlərinin azaldılması) Ukraynanın demokratik nailiyyətlərinin dağıdılması və koalisiya razılaşmasının müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirib: “Əgər “Yuliya Timoşenko” bloku onun üçün ən yaxşı tərəfdaşların Regionlar Partiyası və kommunistlər olacağını hesab edirsə, bu, onun öz qərarıdır”. V. Yuşşenko Y. Timoşenkonun koalisiyanın öz işini davam etdirməsinin vacibliyinə dair sözlərini timsahın göz yaşları adlandırıb və bunun yalan olduğunu deyib: “Koalisiya onlar üçün sadəcə, şirmaya çevrilib, çünki orda gözəl bir söz var – demokratik. Amma onların bu gün getdiyi yoldan demokratiya iyi gəlmir”. V. Yuşşenko “Yuliya Timoşenko” bloku ilə Viktor Yanukoviç tərəfdarlarının razılaşmasını milli burjuaziya ilə sosial populistlərin simbiozu adlandırıb: “Bu izdivacdan nə çıxacağını söyləmək çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR