Bişkekdə MDB-nin sammiti keçirilir

Bişkekdə MDB-nin sammiti keçirilir
# 10 oktyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qırğızıstan prezidentinin Bişkekdəki iqamətgahında Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti keçirilir. APA-nın məlumatına görə, 9 ölkə başçısının iştirakı ilə keçirilən görüşdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edir. Sammitin gündəliyində 21 məsələ var, bunlardan ən əsası 2020-ci ilə kimi MDB-nin iqtisadi inkişaf strategiyası layihəsidir.

2009-cu ildə MDB çərçivəsində əməkdaşlığın aparıcı sahəsi kimi enerji sferasının müəyyən olunması məsələsi də prezidentlərin müzakirəsinə çıxarılıb. Görüş iştirakçıları, həmçinin, 2009-cu ilin “Gənclər İli” elan olunması, Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə hazırlıq və veteranlara sosial yardım məsələlərini də müzakirə edəcəklər.

Ölkə başçıları məhdud və geniş tərkibdə görüşlər keçirəcəklər. Sammit çərçivəsində Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Özbəkistanın daxil olduğu Avrasiya İqtisadi Birliyi Şurasının dövlətlərarası iclası da keçiriləcək.

Bişkekdə bu gün axşam Mərkəzi Asiya dövlət başçılarının qapalı toplantısı da planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR