Gürcüstan və Polşa prezidentlərinin maşın karvanı Cənubi Osetiya yaxınlığında atəşə tutulub

Gürcüstan və Polşa prezidentlərinin maşın karvanı Cənubi Osetiya yaxınlığında atəşə tutulub
# 24 noyabr 2008 07:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Polşanın TVN24 televiziyası məlumat yayıb. “Qızılgül inqilabı”nın 5-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Gürcüstana gələn L. Kaçinski Tiflis aeroportundan birbaşa avqust hadisələrində qaçqın düşmüş gürcülərin məskunlaşdığı düşərgəyə yollanıb. Polşa nazirlərindən biri canlı efirdə bildirib ki, rus hərbçilərin postuna yaxınlaşanda onlar tərəfdən atəş açılıb: “Rus hərbçilərinin postundan avtomatdan minimum üç atəş açıldı. Prezident sakitliyini heç pozmadı”.

Məlumatlara görə, M. Saakaşvili və Kaçinski zərər çəkməyib. Kortejdə 5-8 avtomobil olub. Atəş açıldıqdan sonra prezidentlər başqa avtomobilə oturublar.

Polşanın Tiflisdəki səfirliyindən kortejin atəşə tutulduğunu təsdiqləyiblər. Lakin kimin atəş açdığı hələlik məlum deyil. M. Saakaşvilinin mətbuat katibi də kortejin atəşə tutulduğunu bildirib və bunu rus hərbçilərinin etdiyini bəyan edib.

Artıq Gürcüstan və Polşa prezidentləri də insidentlə bağlı açıqlama veriblər. Birgə brifinq keçirən L. Kaçinski kortejin atəşə tutulmasını “Medvedyev-Sarkozi sülh planının pozulması kimi qiymətləndirib. Polşa prezidenti bildirib ki, atəş açılan istiqamətdə rus dilində danışıq eşidib.

M. Saakaşvili isə, öz növbəsində, polşalı həmkarının həyatının təhlükə qarşısında qoymaq istəmədiyini deyib, baş verənlərdə rus hərbçilərini günahlandırıb.

Separatçı Cənubi Osetiya rejimi isə onların mövqelərindən atəş açıqlaması barədə məlumatları təkzib edib. Rus sülhməramlılarının Sxinvalidəki qərargahından da baş verənlərin onlara aidiyyəti olmadığını bildirilib.

Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin təmsilçisi prezidentlərin kortejinin atəşə tutulması faktını təkzib edərək, belə bir xəbərin yayılmasını təxribat adlandırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi də təkzib bəyanatı ilə çıxış edib. Xarici işlər nazirinin müavini Qriqori Karasin bunu gürcü tərəfinin arzularını gerçəklik kimi təqdim etməsi kimi dəyərləndirib.

Separatçı Cənubi Osetiya Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Boris Attoyev isə gürcü-osetin sərhədində insidentin baş verdiyini təsdiqləyib: “Kaçinski və Saakaşvilinin 30 maşından ibarət korteji sərhəd postuna yaxınlaşaraq, bizim tərəfə keçmək istəyib. Lakin sərhədçilər onları buraxmayıblar. Bir neçə maşın maneələri keçmək istəsə də, buna imkan verilməyib. Onların bu hərəkətlərinin qeyri-qanuni olması barədə xəbərdarlıqdan sonra kortej çevrilərək, Tiflis istiqamətində hərəkət edib. Sərhədçilər tərəfindən isə hər hansı atəş açılmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR