Mixail Saakaşvili səlahiyyət müddəti bitənə qədər hakimiyyətdən getməyəcəyini bəyan edib

Mixail Saakaşvili səlahiyyət müddəti bitənə qədər hakimiyyətdən getməyəcəyini bəyan edib
# 10 aprel 2009 11:11 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili səlahiyyət müddətinin bitəcəyi 2013-cü ilə qədər hakimiyyətdən getməyəcəyini bəyan edib və bütün siyasi qüvvələri dialoqa çağırıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili yeni hidroelektrik stansiyanın tikintisinə dair Türkiyə şirkəti ilə Memorandumun imzalanmasından əvvəl müxalifətin etiraz aksiyasına münasibət bildirib. O, İnquri hidroelektrik stansiyası ilə eyni gücə malik yeni stansiyanın tikintisindən sonra ölkənin enerji təhlükəsizliyinin birdəfəlik təmin olunacağını söyləyib: “Ultimatum dili ilə danışmaq və başqasının mövqeyini qulaqardına vurmaq asandır. Amma bu gün bizim dialoq və məsuliyyəti bölüşdürməkdən başqa alternativimiz yoxdur”. M. Saakaşvili müxalifətin etiraz aksiyasının başladığı 9 aprel tarixinin Gürcüstan demokratiyası üçün önəmli gün olduğunu vurğulayıb: “Cəmiyyətin bir hissəsi Avropa ölkəsinə xas şəkildə öz mövqeyini ortaya qoydu. Etirazını ifadə edən vətəndaşların mövqeyi mənim üçün çox vacibdir. Mən avqust müharibəsi və iqtisadi böhrandan sonra onların ehtiyaclarının və problemlərinin dərinləşməsini, bir çox insanda gələcəklə bağlı hisslərin yoxa çıxmasını və onların qəzəbini yaxşı başa düşürəm”. M. Saakaşvili bəyan edib ki, dövlətin, hakimiyyətin və bütün siyasi qüvvələrin qarşısında duran əsas vəzifə sabitliyin qorunması, iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, yeni iş yerlərinin açılması və işğal altındakı ərazilərin xilas edilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR