Məhəmməd Saleh: “Qərbə olan ümidimiz tamamilə itib” – MÜSAHİBƏ

Məhəmməd Saleh: “Qərbə olan ümidimiz tamamilə itib” – <font color=red>MÜSAHİBƏ </font>
# 15 dekabr 2009 09:22 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Özbəkistan müxalifətinin mühacirətdə yaşayan liderlərindən biri olan Məhəmməd Salehin APA-nın Türkiyə bürosuna müsahibəsi

- Müəyyən müddətdir fəaliyyətinizlə bağlı ətraflı məlumat əldə edə bilmirik. İşləriniz necə gedir?

- Yaxın vaxtlarda Brüsseldə özbək müxalifətinin birləşmə təşəbbüsü oldu. Bilirsiniz ki, uzun illərdən bəri bəzi müxalifət liderlərinin eqoistliyinə görə biz birləşmək üçün konsensus yarada bilmirdik. İlk dəfə oktyabrın 27-də Brüsseldə 3 müxalifət təşkilatı “13 may Hərəkatı” adı altında birləşdi. 2006-cı il mayın 13-də Kərimov rejimi Əndicanda yüzlərlə dinc insanı gülləbaran etmişdi, yeni hərəkat da adını oradan alır. Brüsseldəki məsləhətləşmələrdən sonra kiçik bir proqram qəbul etdik və hərəkatımızı Özbəkistanda gücləndirməyi qərarlaşdırdıq. Əsas məqsədimiz ölkəmizdə müxalifəti yenidən təşkilatlandırmaqdır. Biz 16 ildir xaricdəyik və ölkədəki təzyiqlər nəticəsində müxalif qurumların fəaliyyəti iflic vəziyyətinə düşüb. Xalqın 90%-i rejimə nifrət etsə də, biz bu möhtəşəm potensialı yaxşı yönləndirib hərəkətə gətirə bilmədik.

- Bunun əsas səbəbi nədir: rejimin amansızlığı, yoxsa sizin ölkədən kənarda qalıb hadisələrə təsir göstərə bilməməyiniz?

- Bunun bir neçə səbəbi var. İçəridə qalıb aktiv siyasətlə məşğul olmasaydıq da, yenə xalqın aktivləşməsinə təsir imkanlarımız böyük olacaqdı. İkincisi, ölkədə müxaliflərə təzyiq heç vaxt zəifləmədi və hələ də davam edir. Rejim bir az yumşalarsa, 4-5 ay içində devrilər. Bunu bildikləri üçün təzyiqi azaltmırlar. Beynəlxalq şərait də bizim əleyhimizədir. ABŞ və Qərb Əfqanıstandakı proseslər, Rusiya və Çinlə rəqabətə görə Kərimov rejiminə dəstək verir. İşimiz çətin olsa da, Kərimov rejiminə qarşı axıra qədər mübarizə aparacağıq. Brüsseldəki yığıncağımızın önəmli tərəflərindən biri də Özbəkistanda mülayim islamçı qüvvələri siyasi mübarizə arenasına çəkmək barədə razılaşmamız oldu. “Əndican qurbanları” dini bir təşkilatdır və ölkədə böyük nüfuzu var. Dini təşkilatlar yerin altında yox, siyasi arenada fəaliyyət göstərməlidir. Bu, bizim üçün çox önəmli oldu, çünki Özbəkistanda dini qrupların təsiri çox böyükdür. Bu faktoru nəzərə almadan heç bir siyasətçi müvəffəqiyyət qazana bilməz. Biz dindar qrupları radikallıqdan uzaqlaşdırmalıyıq, çünki bunlar Kərimov getdikdən sonra da bizə problem yarada bilər. Brüsseldəki toplantımızın ən mühüm qərarı bu idi və toplantımızda iştirak edən Qərb sosioloqları bizim düzgün addım atdığımızı dedilər.

- Yeni təşkilatınızda vahid lider var, yoxsa qurumların həmsədrliyindən söhbət gedir?

- Mən vahid sədr olmasını istəmədim, çünki dedi-qodu başlaya bilərdi. Üç təşkilatın lideri müştərək şurada birləşdi.

- Uzun illərdən bəri Qərbdə yaşayırsınız və dövlət qurumları ilə, QHT-lərlə, media ilə yaxın əlaqələriniz olub. İndi vəziyyət necədir, Qərbin sizə münasibətindən razısınızmı?

- Bizim üç rəqibimiz bir-biri ilə mübarizə aparır. Qərb, Rusiya və Kərimov. Bunların hər üçü eyni zamanda bir-birinə möhtacdır. Bu, paradoksal bir durumdur. Kərimov hamı ilə oynayır. Onun əsas məqsədi hakimiyyətini daha çox qorumaqdır. Qərb isə Əfqanıstan və Çin məsələlərinə görə Kərimov diktaturasına göz yumur. Buş dönəmində bir az demokratiyadan danışıldı, indi Buş dövrünün demokratiyaya dair kövrək şüarları belə yoxdur. Ən böyük demokrat kimi gözlədiyimiz Obama ən böyük kərimovçu oldu. Beynəlxalq şəraitin bizim əleyhimizə olduğunu deməsək yalan olar. Buna görə də bizim Qərbə olan ümidimiz tamamilə itib. İndi “Qərb bizi aldatdı” deyə bilərik. Əvvəllər mən Qərbin hərarətli dəstəkçisi idim. Ancaq ən həssas nöqtələrdə Qərb bizi tənha qoydu. Ona görə də biz bundan sonra ölkəmizdə xalqımızın imkanlarını səfərbər etmək istəyirik. Allahdan və öz xalqımızdan başqa bizi xilas edəcək heç kim yoxdur. Türkiyədən də ümidimizi tamamilə kəsmişik. Türkiyənin Orta Asiya siyasəti yoxdur. Bu, Türkiyənin hökumətlərindən yox, oradakı rejimlərin Türkiyə əleyhdarı olmasından irəli gəlir. Mən xüsusilə Kərimovu nəzərdə tuturam - Nazarbayev onun qədər zalım və Türkiyə əleyhdarı deyil. Kərimovun Türkiyəyə qarşı allergiyası var. Türkiyə addım atmaq istəsə də, Kərimov qapıları bağlayır. Xalqımızı oyandırmağa çalışırıq. Bakiyevin Qırğızıstanda etdiyi inqilab, çətin də olsa, bizdə də mümkündür. Bu iş başlasa, ordakından daha tez həyata keçər. Təbii ki, biz qan tökülməsini qətiyyən istəmirik.

- İqtidarın içində sizin ideallarınıza simpatiya bəsləyən və gizli təmasda olduğunuz adamlar varmı?

- Neçə ildən bəri əlaqədə olduğumuz insanlar var. Bizə simpatiyası olan, ancaq hələlik əlaqə yaratmadığımız insanlar da mövcuddur. İndiki mərhələdə onlar avtonom şəkildə hərəkət edə bilmirlər, çünki xalq buna hazır deyil. Biz xalqı hazırlayanda onlar da bizimlə birlikdə hərəkət edəcəklər.

- Keçmiş SSRİ-dən ayrılan bir çox ölkədə demokratiya məfhumu oyun-oyuncaq yerinə işlədilən bir kəlməyə çevrildi. İnsanların Avropa Şurası, Avropa Birliyi kimi qurumlara inamı tamamilə öldü. Buna sizin münasibətiniz necədir?

- İndi demokratiya sözü lağlağı mənasında işlədilir. Bu, acı bir təəssüf doğurur. Qərbə lazım olan diktatorların olduğu yerdə demokratiya heç kimə lazım deyil.

- Siz regional məsələləri yaxından izləyən bir siyasətçisiniz. Əfqanıstan problemi NATO-nu və ABŞ-ı birinci dərəcədə narahat edən bir məsələdir. Əfqanıstan barədə sizin fikriniz nədir?

- Əfqanıstanla bağlı 20 il əvvəl yazdığım məqalələr var. Sovet qoşunları 1989-cu ildə bu ölkədən çıxdıqdan sonra Əfqanıstanda savaş bitmədi. Niyə? Bunun əsas səbəbi oradakı etnik strukturdur. Bunu nə Qərb, nə Rusiya, nə də orta asiyalılar bilmək istəyir. Orada savaşanlara baxaraq deyirlər ki, Əfqanıstanda birinci faktor islamdır. Xeyr, mən deyirəm ki, orada birinci faktor etnik məsələdir. Başda özbəklər olmaqla, orada 7-8 milyon türk var. Taciklər və puştunlar digər etnik qruplardır. Ruslar oradan çıxdıqdan sonra bu etnik qrupların heç biri boyunduruq altına girmək istəməyib, hamısı müstəqil dövlət kimi yaşamaq istəyib. Savaşın mənşəyində bu faktor yatır, heç kimin diqqət yetirmədiyi bu nöqtəni mən vurğulayıram. Hər etnik qrup öz bölgəsinə hakim olmağı istədiyinə görə, Əfqanıstanın vahid dövlət halında yaşamaq şansı azaldı. İndi federativ və ya konfederativ dövlət quruluşu Əfqanıstan adlı dövləti bir arada tuta bilər. Əfqanıstanın şimal bölgələrinin Özbəkistanla güclü əlaqələri var, Özbəkistan oraya elektrik verir. Əgər Özbəkistanda xalqı düşünən bir iqtidar olsaydı, indi Məzari-Şəriflə əlaqələr çox fərqli ola bilərdi. Qərb Əfqanıstanın parçalanmasını istəmir, çünki boru xətlərinin keçməsi üçün bir diktatorla danışmaq onlara daha sərfəlidir.

- Orta Asiyanın hər hansı ölkəsində cücərə biləcək azadlıq toxumları o biri ölkələrə necə təsir göstərə bilər?

- Qırğızıstan kiçik və zəif bir ölkə olmasına baxmayaraq, oradakı proseslər Orta Asiyaya təsir etdi. Ancaq Özbəkistandakı diktaturanın təsiri ilə Qırğızıstan da diktatorlaşmaya başladı. Əgər Özbəkistan azad olsa, bütün Orta Asiyaya azadlıq gələr. Nazarbayev demokratiyaya Kərimov qədər düşmən adam deyil. Əslində mentalitet etibarilə qazaxlarda bir azadlıq ruhu var. Bəlkə elə buna görə də Nazarbayev demokratiyaya daha yaxın adamdır. Mənim iki hədəfim var: birincisi Azad Özbəkistan, ikincisi isə Azad Türküstan.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR