Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının iclası olub

Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının iclası olub
# 17 dekabr 2009 20:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dekabrın 17-də Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti parlament komissiyasının iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda Cənubi Osetiya müvəqqəti administrasiyasının rəhbəri Dmitri Sanakoyev komissiya üzvlərini işğal olunmuş ərazilərdəki vəziyyət və oradakı mövcud problemlər, eyni zamanda administrasiyanın fəaliyyəti və planları ilə komissiya üzvlərini tanış edib. O, hesabat xarakterli çıxışında qeyd edib ki, Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir: “Bu mövzuda biz işləyirik. İlk növbədə, siyasi, iqtisadi, inteqrasiya aspektlərində işlər görməyə çalışırıq. Regionun inkişafı, eyni zamanda qaçqınların şəraitinin yaxşılaşdırılması üçün biznes nümayəndələrini, böyük kompaniyaları qaçqınlar yaşayan ərazilərə cəlb edirik”.

D. Sanakoyev çıxışında rəhbərlik etdiyi administrasiyanın sülh yolu ilə qaçqın ailələrin işğal edilmiş torpaqlara qaytarılmasını istədiyini qeyd edib. “Axalqori rayonundan qaçqın düşmüş ailələr öz torpaqlarına qayıtsalar, bu, yaxşı nəticə verərdi”, - deyə o bildirib.

Komissiyanın iclasında Gürcüstan müxalifət nümayəndələrinin Cənubi Osetiyanın mərkəzi Sxinvaliyə səfər edərək danışıqlar apardıqları da bildirilib. Lakin D. Sanakoyev bu danışıqların xeyri olmadığını deyib: “Sxinvalidə rus hərbçiləri ikiüzlü siyasət yeridirlər. Burada yerli əhali incidilir. Onları rəhbər vəzifəyə təyin etmirlər, hətta fəhlələr də digər rayon və şəhərlərdən gətirilir”.

D. Sanakoyev APA-ya açıqlamasında Gürcüstanın Cənubi Osetiya sərhədlərinə qoşun yığması barədə Rusiya mətbuatının yazdığı məlumatları təkzib edib: “Bu siyasətdir. Doğrudan da, burada bomba səsləri eşidilir. Lakin burada Rusiya ordusu hərbi təlim keçirir və öz əməllərini ört-basdır etmək üçün bu cür məlumatlar yayırlar. Gürcüstan Müdafiə Nazirliyi ilə Avropa İttifaqının müşahidəçilər missiyası arasında olan razılaşmaya görə isə Gürcüstan ərazilərini qorumaq üçün orada bir tabora qədər hərbi qüvvə yerləşdirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR