Moskva metrosunun “Lubyanka” stansiyasında partlayış törətmiş qadının şəxsiyyəti müəyyənləşib

Moskva metrosunun “Lubyanka” stansiyasında partlayış törətmiş qadının şəxsiyyəti müəyyənləşib
# 06 aprel 2010 11:10 (UTC +04:00)
Bakı – APA. Martın 29-da Moskva metrosunun “Lubyanka” stansiyasında partlayış törətmiş terrorçu-kamikadzenin şəxsiyyəti müəyyənləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Milli Antiterror Komitəsinin açıqlamasına əsasən terrorçu-kamikadze Dağıstanda dünyaya gəlmiş 28 yaşlı Məryəm Şaripovadır. O, Dağıstanda fəaliyyət göstərən silahlı qrupun üzvü Maqomedali Vahabovun həyat yoldaşıdır.

Qeyd edək ki, M. Şaripovanın atası Rəsul Maqomedov hadisə yerindən çəkilən fotolardan qızını tanıyıb. O, prokurorluq və jurnalistlərlə əlaqə saxlayaraq qızını sonuncu dəfə martın 26-da gördüyünü deyib. Terrordan bir gün əvvəl – martın 28-də Məryəm Mahaçqalada olub.

M. Şaripova Dağıstanın Unsukul rayonunda müəllim ailəsində doğulub. O, Dağıstan Pedaqoji Universitetini qırmızı diplomla bitirib və məktəbdə informatikadan dərs deyib.

Xatırladaq ki, Milli Antiterror Mərkəzi daha əvvəl “Park kulturı” stansiyasında partlayış törətmiş terrorçu-kamikadzenin də kimliyini açıqlayıb. Bu, Dağıstan sakini, 17 yaşlı Cənnət Abduraxmanovadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR