Gürcüstan paytaxtında gürcü və azərbaycanlı şagirdlərin rəsmlərindən ibarət sərgi-aksiya keçirilib

Gürcüstan paytaxtında gürcü və azərbaycanlı şagirdlərin rəsmlərindən ibarət sərgi-aksiya keçirilib
# 18 iyun 2010 18:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtının Tiflis beynəlxalq məktəbində gürcü və azərbaycanlı məktəblilərin rəsm sərgisindən ibarət aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin təşkilatçısı Tiflisdə fəaliyyət göstərən «Cenerositi» təşkilatıdır. Tədbirin başlanması münasibəti ilə gürcü və azərbaycanlı məktəblilər «Gürcüstan-mənim Vətənimdir» həkk olunmuş tort kəsiblər. Sonra aksiya iştirakçılarının rəsm əsərlərinə baxış keçirilib. Aksiyada Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan və rus dilli məktəblərində təhsil alan və “UNİON” gənclər təşkilatının rəsm dərnəyinin yetirmələri olan azərbaycanlı şagirdlər, Azərbaycanlıların Mədəniyyət Mərkəzindən 4 nəfər məktəbli, cəmi 12 nəfər gənc soydaşımız iştirak edib.

«UNİON» qeyri-hökumət təşkilatının rəhbəri Elmira Yusubova APA-ya açıqlamasında bildirib ki, Gürcüstan paytaxtında təşkil etdiyimiz rəsm sərgisi aksiyasında məqsədimiz «Gürcüstan-bizim vətənimizdir» şüarı altında azərbaycanlı məktəblilərin gürcü ictimaiyyətinə inteqrasiyasına təkan verməkdir. «Bu gün biz bu aksiyaya əliboş gəlməmişik. Azərbaycanlı şagirdlərin müəllifi olduğu 35 rəsm əsərini bu aksiyada nümayiş etdirdik. Qeyd edim ki, aksiyada iştirak edən gənc rəssamların içində Heydər Əliyev Fondunun mükafatını alan Türkanə Yusubova, həmin təşkilatın diplomlarına layiq görülən Fidan İsayeva, Rüfanə Məmmədova və Gürcüstanın birinci xanımı Sandra Rulovsun diplomuna layiq görülən Aytən Xasməmmədova və başqa uşaqlarımızın əl işləri aksiya iştirakçılarının xoşuna gəldi. Tədbirdə mən və azərbaycanlı şagirdlər birlikdə gürcü dilində «Tbiliso» mahnısını ifa etdik. Bu aksiya inteqrasiya mövzusunda həyata keçirdiyimiz mənalı və aktual, günün tələbinə cavab verən bir tədbir idi. Uşaqlarımız gürcü şagirdləri ilə dostluq əlaqələri yaratdılar. Bu aksiya gələcək tədbirlərimiz üçün zəmin oldu».

Tiflis beynəlxalq məktəbində keçirilən aksiyada Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstanın reinteqrasiya məsələləri üzrə nazirliyin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR