Mixail Saakaşvili prezident iqamətgahında gürcü ali məktəblərinə qəbul olan azərbaycanlı və erməni tələbələrlə görüşüb

Mixail Saakaşvili prezident iqamətgahında gürcü ali məktəblərinə qəbul olan azərbaycanlı və erməni tələbələrlə görüşüb
# 27 avqust 2010 20:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avqustun 27-də Gürcüstan prezidenti Mixail Saakaşvili prezident iqamətgahında gürcü ali məktəblərinə qəbul olan 60 nəfər azərbaycanlı və erməni tələbələrlə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident görüşdə onun təşəbbüsü ilə həyata keçirilən proqramın baş tutmasını və etnik azlıq nümayəndələrinin güzəştli kvota ilə gürcü ali məktəblərinə qəbul olunduğunu razılıqla bildirib. Prezident qeyd edib ki, bu kvota əsasında azərbaycanlı və erməni gənclərindən ibarət 254 abituriyent gürcü ali məktəblərinə qəbul olunub. “Bir il ərzində onlar gürcü dilini öyrənəcək və istədikləri ali təhsil ocaqlarında təhsillərini davam etdirəcəklər”, deyə prezident bildirib.

O, qeyd edib ki, qəbul olan etnik azlıqlardan 200 nəfərin təhsil haqqı dövlətin hesabına olacaq. Prezident görüşdə onlarla azərbaycanlı və erməni abituriyentlərin gürcü ali məktəblərinə sərbəst imtahan verdiklərini xüsusi vurğulayıb. “Mənim üçün bu məsələ çox vacibdir. Ölkəmizin bütün vətəndaşları bərabər və eyni hüquqlu olmalıdır. Gürcüstan gürcülər, azərbaycanlılar, ermənilər, ruslar, osetinlər, abxazlar üçün deyil. Bu ölkə milliyyətindən asılı olmayaraq bizim hamımızındır”.

Gürcüstan prezidenti Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkinin rus millətindən olduğunu bildirib və qeyd edib ki, o, əsl gürcüdür və ölkə vətəndaşıdır. “İndi elə bir zaman gəlib ki, Gürcüstan prezidenti Dmitri Şaşkin də ola bilər, Qurbanov da və yaxud başqa bir millətin nümayəndəsi də ola bilər. Çünki biz eyni dövlətin vətəndaşları olmuşuq. Rusiya ölkəmizə təcavüz edəndə osetinlər, ermənilər və azərbaycanlılar bir olub bu təcavüzə cavab verdilər”, deyə prezident qeyd edib.

“Dünyada gürcülərin sayı 7 milyon ola bilər. Lakin burada yaşayıb və yaşayan, əslən Gürcüstandan olanları da götürsək 13 milyon edərik”, Gürcüstan prezidenti qeyd edib.

Mixail Saakaşvili görüşdə bir neçə il bundan əvvəl Marneuliyə və Axalkalakiyə səfər etdiyini və əhali ilə rus dilində söhbət etdiyini bildirib. Prezident bu il Gürcüstanda seçkilər zamanı bu bölgələrdə olduğunu və yerli əhalinin gürcü dilini bildiklərini və onu bu dildə başa düşdüklərini vurğulayıb. “Lakin gürcü dilini öyrənmək o demək deyil ki, siz öz mədəniyyətinizi itirməlisiniz. Bu mədəniyyət bizim mədəniyyətimizin bir hissəsidir. Gürcüstan mədəniyyətini Azərbaycan, erməni, osetin, abxaz mədəniyyəti olmadan təsəvvür etmək olmaz. Bu mədəniyyətlərin birliyi bizim var-dövlətimizdir, biz onu inkişaf etdirməliyik”, deyə prezident bildirib.

M.Saakaşvili qeyd edib ki, hökumət müasir və güclü təhsil sistemi yaratmaq üçün çalışır.

Görüşün sonunda Gürcüstan prezidenti tələbələrin bir neçəsinə leptop bağışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR