Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
# 20 oktyabr 2010 22:47 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 20-də Krım Muxtar Respublikasında MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.

Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev də iştirak edib.
MDB İcraiyyə Komitəsinin sədri – MDB-nin icraçı katibi Sergey Lebedev şuranın iclasında çıxış edərək vurğulayıb ki, Birlik üzvü olan dövlətlərin çoxtərəfli hərbi əməkdaşlığı MDB-nin mövcudluğunun və daha da təkmilləşdirilməsinin, onun təhlükəsizliyinin möhkəmləndirilməsinin ən mühüm, dinamik inkişaf etməkdə olan obyektiv əsaslarından biri olaraq qalır. Şura Birliyin təhlükəsizliyinin möhkəmləndirilməsinin hərbi məsələləri üzrə MDB üzvü olan dövlətlərin milli və dövlətlərarası qurumları ilə qarşılıqlı fəaliyyətdədir.

Hərbi nazirliklərin rəhbərləri 2010-cu ilə qədər olan dövrdə MDB üzvü olan dövlətlərin Hərbi Əməkdaşlığı Konsepsiyasının həyata keçirilməsinin yekunlarını və Şuranın işçi orqanlarının fəaliyyətinin nəticələrini müzakirə ediblər. Şuranın katibi Aleksandr Sinayski qeyd edib ki, Konsepsiyanın həyata keçirilməsi MDB üzvü olan dövlətlərin hərbi sahədə qarşılıqlı əlaqələrinin sabit inkişaf tempinin təmin edilməsinə şərait yaradıb.

İclasda 2011-ci ildə MDB üzvü olan dövlətlərin hava hücümundan müdafiə üzrə birgə sistemini birgə tədbirlərinin təşkil edilməsi məsələləri, silahlı qüvvələrin mühəndislik təminatı sahəsində MDB üzvü olan dövlətlərin müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyəti haqqında sazişin layihəsi müzakirə edilib.

İclasda MDB üzvü olan dövlətlərin xalqlarının Böyük Vətən Müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıq haqqında xatirənin əbədiləşdirilməsi haqqında sazişin layihəsi, eləcə də MDB üzvü olan dövlətlərin silahlı qüvvələrində hərbi-memorial iş haqqında model əsasnamə, Böyük Vətən müharibəsində həlak olanların uçota alınmamış məzarlıqlarının və dəfn edilməmiş cəsədlərinin aşkar edilməsi üzrə birgə axtarış işlərinin təşkil edilməsi məsələləri müzakirə olunub.

Müdafiə nazirləri Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr edilmiş Dost Orduların VIII Spartakiadasının keçirilməsi məsələsini müzakirə edərək Şuranın 2011-ci il üçün iş planını təsdiq ediblər. İclasda 20-dən çox məsələyə baxılıb, onlara dair qərarlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR