"Gorarxı" kitabının birinci hissəsi nəşr olunub

"Gorarxı" kitabının birinci hissəsi nəşr olunub
# 04 yanvar 2011 21:26 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. "Adiloğlu" nəşriyyatı "Gorarxı" adlı kitabın birinci hissəsini nəşr edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabda Borçalı mahalının ən qədim və sayılan kəndlərindən biri olan Gorarxı elinin tarixi haqqında müxtəlif mənbələrə istinad olunaraq yığcam şəkildə məlumat verilib. Kitabın ilk səhifəsində Nəriman Nərimanovun "Əgər siz ata-babalarınızın müqəddəs yerlərini Vətən sanırsınızsa, onların əsl sahibi olmalısınız..." müdrik deyimindən istifadə olunub. 16 min əhalisi olan Gorarxı kəndi 7 kəndi özündə birləşdirib. Bundan başqa kitabda bu eldən çıxan və burada orta təhsil alıb müxtəlif ali məktəblər bitirərək elmi dərəcəyə sahib olan dünya şöhrətli, istedadlı alimlər, görkəmli dövlət xadimləri, şairlər, həkimlər, maarif-mədəniyyət və idman tariximizdən, adət-ənənələrimizdən, mövsüm nəğmələrimizdən, xalq yaradıcılığından, qədim nəsillərdən söhbət açılıb.

Kitabın müəllifi Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin rektoru Novruz Bayramovdur. Kitabın birinci hissəsi "Gorarxı", ikinci kitab "Gorarxılılar", üçüncü kitab "Gorarxı haqqında" adlanır.

Qeyd edək ki, gürcü yazıçıları qələmə aldıqları salnamə-xatiratlarında bu elin qədimliyindən söhbət açaraq, bu ərazilərdə Osmanlıların, Qızılbaşların hakimiyyəti dövründə siyasi-hərbi olayların baş verdiyini qeyd ediblər. İlk dəfə Gorarxı adını 1772-ci ildə bu elə səyahət edən alman alimi, Anton Güdenşted səyahətnaməsində çəkib. Kitabda 1795-ci ildə Ağa Şah Məhəmməd Qacarın Tiflisə hücumu zamanı Goraxıdan keçdiyi, Nadir Şahın Gorarxı məscidində namaz qıldığı barədə məlumatlar var. Bu məscid 1590-cı ildə tikilib. Son 2008-2009-cu illər ərzində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub.
Kitab 503 səhifədən ibarətdir. "Gorarxı" kitabı Ramiz Həsənovun sponsorluğu ilə nəşr olunub. Kitabın məsləhətçiləri filologiya elmləri doktorları Mürsəl Həkimov və Şurəddin Məmmədli, redaktoru "Ziya" qəzetinin redaktoru Nizami Məmmədzadədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR