Kiyevdə “Xocalı harayı” adlı rəsm sərgisinin açılışı olub

Kiyevdə “Xocalı harayı” adlı rəsm sərgisinin açılışı olub
# 25 fevral 2011 03:49 (UTC +04:00)
Bakı-APA. İslam Konfransı Gənclər Forumunun ,Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları konqresinin birgə təşəbbüsü və Azərbaycan səfirliyinin dəstəyi ilə Kiyev ART Qalereya sərgi salonunda Ukrayna rəssamlar ittifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət “Xocalı harayı” adlı rəsm sərgisinin açılışı olub.
APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mədəniyyət və informasiya departamentinin rəhbəri İlhamə Allahverdiyeva erməni vandalızminin dünya ictimaiyyətinə çatdırılmasında sərgilərin nümayiş etdirilməsinin müstəsna əhəmiyyətindən danışıb. Ukrayna Azərbaycanlıları Konqresi adından beynəlxalq təşkilatları və dünya birliyini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyən diaspora rəhbərlərindən İlqar Abbasov və Akif Gülməmmədov Ermənistan dövlətinin Xocalı soyqırımına görə tarix qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Milli Məclisin deputatı Musa Qasımlı çıxışında bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətinə beynəlxalq ictimaiyyət biganə yanaşmamalıdır.

“Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətində Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Təəssüf ki, beynəlxalq təşkilatlar bu fakta göz yumurlar və ikili siyasət yürüdürlər” deputat deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutun direktoru İlham Məmmədzadə isə çıxışında bildirib ki, Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir.

“Xocalı faciəsi təkcə əlli milyonluq azərbaycanlının deyil, bütün dünyanın faciəsidir. Hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb”, Məmmədzadə vurğulayıb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov isə deyib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynanın əyalət və şəhərlərində silsilə tədbirlər həyata keçirilib.

“İnanıram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacaq. Bu kampaniyada dünyada yaşayan bütün azərbaycanlı gənclər xüsusi fəallıq nümayiş etdirməklə vətəndaşlıq borcunu yerinə yetirməlidir” Tahirov çıxışında bildirib.

Gənc rəssamın Xocalı harayı mövzusunda çəkdiyi 26 rəsm əsərində ermənilərin Xocalıda uşaqlara qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri bəşəri cinayət avanqard cizgilərlə düşmənin vəhşilik obrazını özündə əks etdirir. Əsərlərində zülmətdən işığa yol açan rəssam xeyrin şər üzərində qələbə çalacağını bəşəriyyətə fəlsəfi düşüncələrinin dilə çatdırır. “Xocalı harayı” adlı sərgisi mart ayının 2-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR