Yuliya Timoşenkoya qarşı yeni cinayət işləri qaldırılıb

Yuliya Timoşenkoya qarşı yeni cinayət işləri qaldırılıb
# 07 noyabr 2011 12:55 (UTC +04:00)
Bakı – APA. Ukraynanın vergi milisi keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı 4 cinayət işi üzrə təhqiqatları bərpa edib. Söhbət Timoşenkonun «Ukrayna Vahid Enerji Sistemləri» (UVES) şirkətinə rəhbərliyik etdiyi dövrdə, 1990-cı illərin ikinci yarısında vergilərin ödənilməməsindən gedir. APA-nın məlumatına görə, bunu Y.Timoşenokonun vəkili Sergey Vlasenko bildirib.

Qeyd edək ki, Y.Timoşenko oktyabrın 11-də 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Buna səbəb 2009-cu ildə Rusiya ilə bağlanan qaz müqavilələrində baş nazirin səlahiyyətlərini aşması və digər ittihamlar olub. Üstəlik hazırda Timoşenkonun UVES-ə rəhbərlik etdiyi dövrlərə aid 2 iş üzrə də təhqiqat aparılır.

Ötən həftənin sonunda isə bunlara daha 4 il əlavə olunub: «Noyabrın 4-də vergi milisinin əməkdaşları Timoşenkoya bildiriblər ki, onlar daha 4 il üzrə araşdırmaları bərpa ediblər. Əməkdaşlar işlərin qaldırılması ilə bağlı qərarları Timoşenkoya təqdim ediblər», - deyə Vlasenko bildirib.

Onun sözlərinə görə, bu cinayət işləri hələ 2000-ci illərin əvvəllərində bağlanmışdı. Belə ki, 4 cinayət işindən ikisi 2001, ikisi isə 2003-cü ilə aiddir. Söhbət UVES-in 1996-97-ci illərdəki fəaliyyətindən və təqribən 2,5 mln. dollar həcmində vergi yayınmasından gedir.

S.Vlasenko bildirib ki, vaxtilə bu cinayət işləri Timoşenkonun 2002-ci il parlament seçkilərinə buraxılmaması məqsədilə qaldırılıb: «Bu metodlar hələ də dəyişməyib – indi də Timoşenkonu 2012-ci il seçkilərinə buraxmaq istəmirlər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR