Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edib

Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edib
# 26 may 2012 20:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsas tədbirlər ölkənin paytaxtında və Kutaisi şəhərində keçirilib. Məlumata görə, Kutaisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə möhtəşəm hərbi parad keçirilib. Paradı Ali Baş Komandan, prezident Mixail Saakaşvili qəbul edib. Paradın komandanı, general-mayor Devi Çankotadze hərbi paradın hazırlığı haqda Ali Baş Komandana məlumat verib. Hərbi parad Gürcüstan bayrağının qaldırılması ilə başlayıb. Paradda, kursantlar, piyada ordu bölmələri, ayrı-ayrı yüngül atıcı batalyonu, piyada ordunun I və II,III, IV və V piyada bölmələri, artilleriya bölmələrinin hərbi qulluqçuları, I və II artilleriya briqadası, mühəndis və Milli Qvardiya bölmələri, eyni zamanda Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Polis İdarəsinin şəxsi heyəti və müxtəlif hərbi maşınlar, ağır zirehli texnika və piyada döyüş maşınları və digər hərbi texnika nümunələri nümayiş etdirilib. Parad Gürcüstan parlamentinin Kutaisidəki yeni binası qarşısında baş tutub.
Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü 1918-ci ilin mayın 26-da Noe Jordaniyanın rəhbərliyi ilə Gürcüstanın ilk demokratik hökuməti tərəfindən elan edilib.
İlk Müstəqil Demokratik Gürcüstan Respublikası üç il fəaliyyət göstərilib. 1921-ci ilin fevralında Qızıl Ordu hissələri Gürcüstanda sovet hakimiyyəti qurub. 1922-1991-ci illərdə Gürcüstan SSRİ-nin tərkibində olub. 1991-ci il martın 31-də ümumxalq referendumu keçirilib. Aprelin 9-da isə referendumun nəticəsi olaraq Gürcüstan Müstəqillik Gününü bərpa edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR