Moskvada İranla “altılıq” ölkələrinin görüşünün ikinci raundu keçirilir - FOTO

Moskvada İranla “altılıq” ölkələrinin görüşünün ikinci raundu keçirilir - <font color=red>FOTO</font>
# 19 iyun 2012 13:03 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında İran və “altılıq” ölkələri nümayəndələrinin görüşünün ikinci raundu keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və digər rəsmi şəxslər iştirak edirlər.

İran tərəfi “altılıq” ölkələri ilə növbəti görüşün Avropa Birliyi ölkələrinin birində keçirilməsi ilə razılaşmayacaq. Bunu jurnalistlərə açıqlamasında danışıqlarda iştirak edən iranlı diplomat deyib. Onun sözlərinə görə, İran danışıqların növbəti mərhələsinin Avropa Birliyi ölkələrində keçirilməsi təklifini qəbul etməyəcək: “Altılıq”la danışıqlarda bu məsələ müzakirə də olunmayıb. Hər şey Moskvada keçirilən danışıqların nəticəsindən asılı olacaq”.
Diplomat bildirib ki, İran Avropa Birliyi ölkəsində danışıqların növbəti mərhələsini keçirməyə o zaman razılıq verə bilər ki, həmin ölkə Tehrana sanksiya tətbiq etməmiş olsun.
Qeyd edək ki, iyunun 18-də başlayan görüşdə İranın nüvə probleminin həlli müzakirə olunur. İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılması təklif olunub. Əks təqdirdə ABŞ-ın yeni danışıqlardan imtina edəcəyi və Tehrana yeni sanksiyaların tətbiq edilməsinin qaçılmaz olacağı bildirilib.
Danışıqlardan sonra Ketrin Eşton və Səid Cəlilinin mətbuat konfransı keçirəcəkləri planlaşdırılır.

Xatırladaq ki, bu, İranla “altılıq” ölkələri arasında keçirilən üçüncü görüşdür. Bundan əvvəl İstanbul və Bağdadda danışıqlar aparılıb.

“Altılıq” ölkələrinə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR