Moskvada İranla “altılıq” ölkələri arasında danışıqlar başa çatıb

Moskvada İranla “altılıq” ölkələri arasında danışıqlar başa çatıb
# 19 iyun 2012 14:59 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və digər rəsmi şəxslər iştirak ediblər.

İyunun 18-də başlayan və iki gün davam edən görüşdə İranın nüvə probleminin həlli müzakirə olunub. İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılması təklif olunub. Əks təqdirdə ABŞ-ın yeni danışıqlardan imtina edəcəyi və Tehrana yeni sanksiyaların tətbiq edilməsinin qaçılmaz olacağı bildirilib.

Hazırda Ketrin Eşton və Səid Cəlili arasında ikitərəfli məsləhətləşmələr keçirilir.

Daha sonra onların mətbuat konfransı keçirmələri planlaşdırılır.

Qeyd edək ki, bu, İranla “altılıq” ölkələri arasında keçirilən sayca üçüncü görüşdür. Bundan əvvəl İstanbul və Bağdadda danışıqlar aparılıb.

“Altılıq” ölkələrinə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR