Bakı - APA-Economics. Türkmənistan qazının Avropaya çatdırılması üçün Azərbaycanın mövcud infrastrukturundan istifadə oluna bilər.
Bunu "APA-Economics"ə ölkənin energetika sektorundakı mənbə bildirib.
Onun sözlərinə görə, Türkmənistan öz təbii qazını Avropaya çatdırmaqda maraqlıdır, lakin bu proses bir qədər mürəkkəbdir: "Söhbət il ərzində Avropaya nəql olunacaq 30-40 mlrd. kubmetr qazdan gedir. Lakin bunun üçün lazımi sistem, infrastruktur yoxdur. Daha optimal variant Azərbaycanın mövcud və tikilməkdə olan infrastrukturundan istifadədir. Bu cür infrastrukturun qurulması üçün milyardlarla dollarlıq xərc çəkilməlidir. Ucuz neft dövründə Türkmənistan buna hazır deyil. Buna görə, Azərbaycan və Türkmənistan ofşor sistemlərini birləşdirə bilər".
Digər mənbə isə bildirir ki, Azərbaycan və Türkmənistan hazırda ofşor sistemlərinin birləşdirilməsi üzərində ciddi iş aparır: "Hazırda bu istiqamətdə danışıqlar aparılır. Düzdür, danışıqlar prosesində bəzi əngəllər mövcuddur, lakin onların aradan qaldırılacağına ümidliyik".