Bakı – APA. Futzal üzrə DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Kolumbiyada keçiriləcək final mərhələsində “Köhnə qitə”ni təmsil etmək iddiasında olan 14 komanda 7 cütlük təşkil edib.
Serbiyanın paytaxtı Belqradda təşkil olunan tədbirdə seçmə mərhələni qrup qalibi kimi başa vuran Azərbaycan yığmasının da mundial yolundakı son rəqibi müəyyənləşib. I səbətdə yer alan yığmamızın bəxtinə qrup ikincilərinin təşkil etdiyi digər səbətdən Hollandiya çıxıb.
Pley-offun ilk matçını səfərdə keçirəcək komandamız martın 22-də ilk sınağına çıxacaq. Aprelin 12-də Bakıda baş tutacaq cavab oyununda isə Kolumbiyaya vəsiqənin sahibi bilinəcək. İndiyədək dünya çempionatının həlledici mərhələsinə yüksəlməyən yığmamız bu səddi adlasa, ilkə imza atacaq.
Pley-off mərhələsinin cütləri
Sloveniya – İspaniya
Slovakiya – Ukrayna
Polşa – Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus – Rusiya
Hollandiya – Azərbaycan
Macarıstan – İtaliya
Qeyd edək ki, Kolumbiyadakı dünya çempionatı sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.