“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunub

“Lisenziyalar və icazələr haqqında”  qanun layihəsi Milli Məclisin komitə iclasında müzakirə olunub
# 02 mart 2016 18:31 (UTC +04:00)

Bakı-APA. Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komitə sədri Ziyad Səmədzadə gündəliyə təqdim olunan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O, son illərdə ölkəmizin davamlı inkişafını təmin etmək üçün nəzərdə tutulmuş strateji proqramların uğurla həyata keçirilməsindən, bu istiqamətdə yerinə yetirilən kompleks tədbirlərdən söz açıb. Komitə sədri sənədin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcəyini vurğulayıb.

Parlamentdə ikinci oxunuşda qəbulundan sonra qanun layihəsi üzərində aparılan yeniliklərlə bağlı danışan Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev bildirib ki, sənəddə lisenziya verilməsi qaydaları daha da sadələşdirilib. Bundan əlavə elektron lisenziya portalının yaradılması şərtləri qanuna əlavə edilib. Sənədə əsasən lisenziyalar üçün müraciət elektron formada təqdim ediləcək. Hər bir sahibkar portala daxil olub, öz şəxsi kabinetini yaradıb, kod aça bilər və sonrakı əməliyyatlarda bu kod açar rolunu oynayacaq. O, sənəddə yabanı bitkilərin toplanması üçün lisenziya tələbinin aradan qaldırıldığını da diqqətə çatdırıb.

Toplantıda iştirak edən İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanan sənədin əhəmiyyətindən danışıb. O, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübənin istifadə olunduğunu vurğulayaraq bildirib ki, lisenziya və icazənin verilməsində, yenidən rəsmiləşdirilməsində, fəaliyyətinin dayandırılmasında, bərpasında və ya ləğvində susmaqla razılıq prinsipi tətbiq olunacaq. Bildirilib ki, sənəddə lisenziya və icazəyə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları göstərilib.

Çıxış edən millət vəkilləri Ağalar Vəliyev, Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, İlham Əliyev, Şəmsədddin Hacıyev, Tahir Mirkişili qeyd ediblər ki, sənəd iqtisadiyyatın liberallaşması sahəsində müsbət rol oynayacaq.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR