Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümü “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ilə açacaq.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, bu il 85 yaşını qeyd edən teatrda keçirilən iclasda yeni mövsüm, hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olunub. Teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, ötən mövsüm uğurlu tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qalıb. Kukla Teatrı ölkə teatrları arasında ilk dəfə “YouTube” səhifəsini internet istifadəçilərinin ixtiyarına verib.
Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini deyən R. Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını bildirib. Teatr 15-24 sentyabr tarixlərində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq.
R. Əhmədzadənin sözlərinə görə, yeni mövsümdə teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş. Perronun “Qırmızıpapaq” və rejissor Anar Məmmədovun quruluşunda S. Sveyqin “Yad qadının məktubu” əsəri əsasında “Unudulmuş kukla” adlı mono tamaşa təqdim ediləcək.
Qurum rəhbəri son vaxtlar səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan teatrın aktyoru Rəhim Rəhimovun müalicəsinə Heydər Əliyev Fondunun dəstək verdiyini diqqətə çatdırıb.