Vaşinqtonda Azərbaycan Mədəniyyəti Günü keçirilib

Vaşinqtonda Azərbaycan Mədəniyyəti Günü keçirilib
# 27 oktyabr 2016 06:00 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 26-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Azərbaycanın ABŞ-dakı Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə universitetin tələbə, müəllim və tədqiqatçıları, eləcə də ABŞ paytaxtının ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin Beynəlxalq Strategiya üzrə dekanı Duqlas Şau (Douglas Shaw) Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayıb və tədbirin təşkilini yüksək qiymətləndirib. Həmçinin, Corc Vaşinqton Universitetinin tələbəsi Çilənay Səfərli və səfirlik əməkdaşları tərəfindən qonaqlara Azərbaycanın zəngin tarixi, mədəni irsi, o cümlədən milli musiqisi və geyimləri, xalçaları və rəsm əsərləri, zəngin tarixi irsə əsaslanan Azərbaycanın mültikulturalizm ənənələri və bu sahədə dövlət siyasəti barədə təqdimatlar verilib.

Daha sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrdə görməli yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Eyni zamanda, Azərbaycanla bağlı interaktiv oyunlar təşkil olunub, qaliblərə ölkəmizə dair xatirə hədiyyələri təqdim edilib.

Sonra qonaqlar üçün Azərbaycanın zəngin mətbəxinin ləziz yemək, şirniyyat və içkilərindən ibarət ziyafət təşkil olunub. Qonaqlar həmçinin milli musiqimizin klassik parçaları ilə tanış olub və onlara ölkəmiz barədə çap materialları paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR