Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsini qəbul edib.
"APA-Economics"in məlumatına görə, sənəd barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər.
Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1% həcmindən çox olmamaq şərti ilə ödənilir. Yeni qanuna qədər əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2% həcmindən çox olmamaq şərti ilə ödənilirdi.
Bundan başqa, qanunda sığorta haqlarının ödənişinin təmin edilməsi maddəsinə də dəyişiklik edilib. Bundan sonra dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanacaq.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı maddəyə də dəyişiklik edilib. Qanunda edilən dəyişikliyə əsasən, Fondun likvid aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.