Bakı. Hafiz Heydərov – APA. Türkiyənin qədim qəbiristanlıqlarından birində Qafqazın Cüzeppe Qaribaldisinin ─ Osmanlı generalı Məhəmməd Eminin dəfn olunduğu yer müəyyən edilib. Bu barədə APA-ya tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib.
C. Soltanov qeyd edib ki, Məhəmməd Emin XlX əsr Qafqaz müharibəsinin fəal iştirakçılarından biri olub və o, Qərbi Qafqaz dağlılarının azadlıq hərəkatına rəhbərlik edib: "Osmanlı sultanı Abdulməcidin (hakimiyyət illəri 1839 - 1861) Məhəmməd Eminə xüsusi rəğbəti olub. Məhəmməd Emin sonuncu İlisu sultanı Daniyal bəyin yaxın silahdaşlarından idi. Hər ikisi azadlıq mübarizəsinə qalxmış Qafqaz dağlılarının liderləri ilə Osmanlı sultanları arasında poçt əlaqəsinin yaradılmasında müstəsna xidmətlər göstərib. Həmçinin Məhəmməd Emin tarixdə bacarıqlı diplomat kimi də qalıb. Krım müharibəsinin (1853-1856) gedişində o, Varnada (Bolqarıstan) ingilis-fransız komandanlığının ali nümayəndələri ilə müstəqil diplomatik danışıqlar aparıb. Məhəmməd Eminin tərəfində Avropadan olan könüllülər vuruşub. Müasirləri Məhəmməd Eminin hərbi-siyasi fəaliyyətini Cüzeppe Qaribaldinin və Layoş Koşutun analoji fəaliyyətindən yüksək qiymətləndiriblər. Azərbaycanın dünya şöhrətli şərqşünas alimi Mirzə Kazımbəy Məhəmməd Eminlə şəxsən görüşüb və bu görüş alimdə böyük təəssürat yaradıb”.