Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən bir il ərzində qurum tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 1 584 yeni lisenziya verilib, 1 498 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib.
Qeyd edək ki, prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanının qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.
Ümumilikdə, bu dövrdə sahibkarlıq subyektlərinə 3 082 lisenziya verilib. Bu lisenziyaların 2 719-u Bakı şəhərinin, 363-ü isə regionların payına düşür.
Lisenziyalar təhsil, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, baytarlıq preparatlarının satışı, bitkiləri mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması, təmiri və s. fəaliyyət sahələrinə verilib.