Ermənistanın sabiq yüksək rütbəli polis zabitləri 50 milyon dram (təxminən 128 min dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
APA xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Komitənin məlumatına görə, Ermənistan Polisi nəzdində Baş Dövlət Mühafizə İdarəsinin Armavir şöbəsinin rəisi 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb.
Həmin müddət ərzində Baş Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsinə gələn 3 nəfər yeni rəhbərlər obyektlərin mühafizəsi üçün ödənilən vəsaitin bir hissəsinin onlara köçürülməsi barədə göstəriş verib.
Baş Dövlət Mühafizə İdarəsinin Armavir şöbəsinin rəisi də pul vəsaitlərini polisin büdcədənkənar hesabına köçürmək əvəzinə yuxarıda qeyd olunan şəxslərin hesablarına köçürüb.