Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edilib, təkbətək dinləniliblər.
Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.
Əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilən tövsiyələrin icra olunduğu, qidalanma və istilik sistemi ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə olunub.
Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə müvafiq tövsiyələr verilib.