Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları terrorçuların ölkədə törətməyə hazırlaşdığı iki terror aktının qarşısını alıb.
APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yığma komandaları arasında Ciddə şəhərində keçiriləcək futbol matçında terror aktı törətməyə hazırlaşan iki Pakistan, bir Suriya və bir Sudan vətəndaşını saxlayıb. Terrorçuların oyunun keçiriləcəyi stadion yaxınlığında minalanmış avtomobil partlatmağı planlaşdırdıqları üzə çıxıb. Daxili İşlər Nazirliyi terrorçuların İŞİD ilə əlaqəli olub-olmadığını açıqlamayıb.
Hüquq-mühafizə orqanları polisə hücum etməyə hazırlaşmaqda şübhəli sayılan 4 nəfər də saxlayıb. Onların hamısı Səudiyyə Ərəbistanının vətəndaşlarıdır və İŞİD-in Suriyadakı rəhbərlərindən birindən terror aktı törətmək barədə tapşırıq alıblar.