Gürcüstan Müdafiə Nazirliyi 10 noyabr - 20 noyabr tarixlərində Krtsanisidə (Tbilisi ətrafında) “Gürcüstan-NATO” 2016 komanda-qərargah təlimi keçiriləcəyi barədə məlumat yayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təlimdə Gürcüstan Silahlı Qüvvələrinin zabitləri ilə bərabər NATO üzvü olan 11 ölkənin (Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Sloveniya, Rumıniya, Türkiyə və ABŞ), o cümlədən Alyansın tərəfdaşı olan Makedoniya və Ukraynanın zabitləri iştirak edəcəklər. Təlimi Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqın işləri üzrə Ali Komissarlığının və “Save The Children” Beynəlxalq Xeyriyyə Təşkilatının təmsilçiləri də müşahidə edəcəklər. Təlimdə iştirak edəcək ölkələrin hərbçilərinin sayı açıqlanmır.
“Gürcüstan-NATO” 2016 komanda-qərargah təliminin keçirilməsi barədə qərar Alyansın 2014-cü ildə keçirilən Uels sammitində qəbul edilib. Krtsanisidə Gürcüstan Müdafiə Nazirliyinin təlim mərkəzinin ərazisinə NATO təlim və qiymətləndirmə mərkəzi 2015-ci ilin avqustunda yaradılıb.