Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şəkinin Azərbaycan, rus və ingilis dillərində turist xəritəsi hazırlanıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Şəki rayonuna səyahət edən turistlər bu xəritə vasitəsi ilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Bu xəritənin köməkliyi ilə Şəkinin məşhur görməli yerləri – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Kiş məbədi və digər məkanlar barədə məlumatlar əldə etmək mümkündür. Şəkinin turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Şəkidə fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Şöbədən bildiriblər ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gəncə, Masallı, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.