“Yeni ukraynalı baş məşqçimiz Leonid Loivskinin rəhbərliyi altında təlim-məşq toplanışımızı davam etdiririk. Öncə Bakıda, ardınca Qəbələdə hazırlıqda olduq. İndi yenidən Bakıda məşqlər keçirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) deyib.
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində yer alacaq boksçu bu yarışa hazırlığından və hədəflərindən danışıb. O, millimizin İslamiadada inamlı çıxışına ümid edir: “Çox güclü komandamız formalaşıb. Hazırlığa əsasən deyə bilərəm ki, İslam Həmrəyliyi Oyunlarında komanda hesabında da birinci yer uğrunda mübarizə aparacağıq. Hədəfimiz də budu. Mənə gəlincə, müəyyən problemlərim vardı. Diz qapağımın altındakı zədəyə görə əməliyyat olunmuşdum. Bu üzdən bir müddət normal məşq də edə bilmirdim. Artıq bir neçə aydı həmişəki qaydada məşq edib hazırlaşıram. Düşünürəm ki, hər şey qaydasında olacaq. Xeyli müddətdi heç bir yarışda iştirak etməsəm də, İslamiadaya hazıram. Təbii ki, elə vaxtlar olub ki, indikindən daha hazırlıqlı olmuşam”.
Məcidov bildirib ki, yarışda onu qızıl medal qane edəcək: “İstənilən halda, hədəfim birinci yerdi. Yarışın qalib olmaq uğrunda mübarizə aparacam”.
İkiqat dünya çempionu İslam Həmrəyliyi Oyunlarından sonrakı planlarından da söz açıb: “Hər hansı planlar qurmaq üçün vaxtımız yoxdur. Çünki İslamiadadan cəmi 3 həftə sonra Avropa çempionatı başlayacaq. Qitə birinciliyi dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Avqustun sonunda Almaniyada start götürəcək mundiala vəsiqə qazanmaq üçün Avropa çempionatında mütləq iştirak etməliyəm”.