Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Nar" daha bir innovativ tətbiqi öz abunəçilərinin istifadəsinə verib.
Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, “Nar Walk” tətbiqi vasitəsilə insanlar gəzdikləri məsafəyə görə xallar toplaya bilirlər və bu xallar əsasında hədiyyələr qazanırlar. Xallar “nar dənələri” (ND) kimi qeyd olunur və qət edilən hər 100 metr məsafəyə görə istifadəçiyə 1 ND təqdim olunur.
“Nar” ND toplayan istifadəçilər arasında müsabiqə keçirməyə qərar verdi. Belə ki, yanvar ayının sonunadək ən çox ND toplamış ilk 3 istifadəçiyə müvafiq olaraq “Jawbone UP2”, “iPod Shuffle” və “Energy” akkumulyatoru hədiyyə ediləcək.
Qeyd edək ki, istifadəçilər öz “Facebook” hesablarını da tətbiqə əlavə edərək, dostlarının fəaliyyəti - onların nə qədər gəzərək məsafə qət etmələri, neçə xal toplamaları və s. barədə məlumatı görə bilərlər.
Tətbiqi yükləmək və müsabiqəyə qoşulmaq tam olaraq ödənişsizdir. Azərbaycanda bir ilk olan bu layihənin əsas məqsədi əyləncəli üsulla insanları sağlam həyat yaşamağa səsləməkdir. İstifadəçilər tətbiqi yükləmək üçün www.narwalk.com internet səhifəsinə daxil ola bilərlər. Tətbiq haqqında daha ətraflı məlumat almaq üçün “Nar” operatorunun rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, o cümlədən 777 Çağrı mərkəzinə müraciət etmək kifayətdir.