Bu gün məşhur dünya brendi “Samsung”un Bakı nümayəndəliyinin “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının təqdimatını keçirib.
“APA-Economics” xəbər verir ki, rəsmi olaraq, smartfonlar xüsusi zövqlə hazırlanmış dizayna və çərçivəsiz displeyə malikdir. Mobil telefonun dairəvi küncləri, şüşə və metaldan hazırlanmış korpusu isə bu fenomenal dizaynı tamamlayır.
Təqdimat zamanı şirkət nümayəndəsi bildirib ki, smartfonlar hazırlanan zaman dünyada ilk dəfə olaraq 10 nm prosessordan istifadə olunub ki, bu da smartfonu sürətli və güclü edir.
““Galaxy S8” və “Galaxy S8+” smartfonları yüksək təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Belə ki, mobil telefonların göz skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları mövcuddur ki, bu da istifadəçilərin məlumatlarının təhlükəsizliyinin mükəmməl qorunması deməkdir. Smartfonun əsas kamerası Dual Pixel və Multi Frame texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəklə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera avtofokusla təchiz olunub. Bundan başqa, “Galaxy S8” və “Galaxy S8+” həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib”, - deyə şirkət təmsilçisi bildirib.
Artıq yağışlı havada telefonla danışmaq da problem olmayacaq. Belə ki, smartfonlar su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində).
Qiymətlərə gəlincə, 5 may tarixindən rəsmi satışa çıxarılacaq mobil telefonların qiyməti “Galaxy S8” - 1599, “Galaxy S8+” - 1799 manat olacaq.
Lakin şirkət bu iki smartfona sahib olmağın iki fərqli yolunu da təqdim edir. Belə ki, artıq mobil telefonları öncədən də sifariş etmək mümkündür. “Samsung Electronics”in rəsmi tərəfdaşları olan “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinin satış nöqtələrində, smartfonu daha tez əldə etmək üçün 50 manat ödəyirsiniz (bu vəsait smartfonun ümumi məbləğindən çıxılır) və bir sıra üstünlüklər əldə edirsiniz.
Belə ki, rəsmi satışdan bir həftə əvvəl siz smartfona aprelin 29-dan sahib olacaqsınız. Amma təkcə bu deyil. Əlavə olaraq 64 Gb-a daxili yaddaşa malik smartfonla yanaşı əlavə olaraq 128 Gb həcmində “Samsung MicroSD” kartı hədiyyə də verilir. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.