Bakı. Etibar Məmmədov - APA. "Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək".
APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ilk növbədə manatın yeni məzənnə siyasəti ilə bağlı qiymət artımının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar nəzərdə tutulur: "Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".
S. Şərifov qeyd edib ki, əmək haqlarının artırılması, eyni zamanda məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.
"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər büdcə dəyişikliklərində əksini tapmalıdır", - deyə nazir bildirib.