Noyabrın 16-da Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində “Sülh və Qarşılıqlı Anlaşma Naminə” adlı tədbir təşkil edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda yerləşən keçmiş və hazırkı ABŞ Konqresi üzvlərinin həyat yoldaşlarından ibarət qeyri-formal qrup, akademik dairə mənsubları və ictimaiyyət nümayəndələri səfirliyin qonağı olub.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, eləcə də Corctaun Universiteti və Atlantik Şuranın araşdırmaçısı, professor Brenda Şeyfer və Vaşinqtondakı “Müqəddəs Üçlük” kilsəsinin pastoru, Müqəddəs Cozef Universitetinin sabiq prezidenti Kevin Cillespi çixiş ediblər.
Tədbirdə açılış nitqi səsləndirən, yuxarıda qeyd edilmiş qeyri-formal qrupun təşəbbüskarı Ketrin Smis bu yığıncağın müxtəlif konfessiya mənsubları arasında qarşılıqlı anlayış və tolerantlığın bərqərar olması baxımından önəmli bir addım olduğu və belə təşəbbüslərin ancaq təqdir edilməli olduğu fikrini ifadə edib.
Səfir Elin Süleymanov çıxışında tədbir iştirakçılarına ölkəmizin zəngin tolerantlıq ənənələrinin tarixi barədə məlumat verib. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda təsis edildiyi və ölkəmizdə bir çox dövlətlərdən, hətta ABŞ-dan bir il öncə qadınlara seçki hüququ verildiyi qeyd edilib. Səfir həmin dönəmdə Azərbaycan dövlətinin inqilabi mütərəqqi yanaşmalar ortaya qoyduğunu və din və etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdəki bütün insanlara vətəndaşlıq verdiyini vurğulayıb.
Diplomat bu gün də Azərbaycanın tolerantlıq baxımından nümunəvi bir cəmiyyət qurduğunu, ölkəmizdə bütün konfessiya mənsublarının - xristian, yəhudi, müsəlman və digərlərinin - əmin-amanlıq içərisində həyat sürdüyünü diqqətə çatdırıb. Bununla əlaqədar, Azərbaycanda yəhudi icmasının yüzilliklər boyu sərbəst məskunlaşıb öz etiqadlarını azad yaşadığı vurğulanıb. Azərbaycanda xristian icmasına da fəaliyyət üçün hərtərəfli münbit şəraitin yaradıldığı və ötən ay Roma Papası Frensisin ölkəmizə səfər etdiyi qeyd edilib. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini diqqətə çatdıran diplomat bir daha Azərbaycan rəhbərliyinin bu uzaqgörən siyasətinin əhəmiyyətinə vurğulayaraq, ölkəmizin dünyanın bir çox bölgələrində ekstremist meyl və cərəyanların gücləndiyi bir zamanda müsbət nümunəyə çevrildiyini bildirib.
Azərbaycan təmsilçisi sonda “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yazıçı Qurban Səidin “Əli və Nino” adlı romanı əsasında çəkilmiş eyni adlı filmin Nyu-York şəhərində olduqca uğurlu keçirilmiş premyerasından yenicə qayıtdığını qeyd edərək, iki fərqli dindən olan azərbaycanlı və gürcü gəncin sevgi hekayəsini təsvir edən bu filmin ölkəmizdəki tolerantlıq ənənələrini tərənnüm etdiyini vurğulayıb və iştirakçılara bu filmi izləməyi tövsiyə edib.
Bundan sonra çıxış edən professor Şeyfer hələ SSRİ dövründə Azərbaycana ilk səfəri zamanı ölkəmizdə yəhudilərə olan xoş münasibətdən müsbət mənada təəccübləndiyini bildirib. Azərbaycan cəmiyyətindəki tolerantlığın olduqca maraqlı fenomen olduğunu söyləyən professor yəhudi icmasının 1918-ci ildə qurulmuş respublikanın ictimai- siyasi həyatında aktiv iştirak etdiyini, hətta həmin dövlətin ilk səhiyyə nazirinin də yəhudi mənşəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Professor Şeyfer Azərbaycan xalqının, həmçinin Alman nasistlərinin təqibindən qaçan yüzlərlə yəhudiyə qucaq açdığını və yəhudilərin buna görə azərbaycanlılara həmişə minnətdar olduğunu söyləyib. Sonda professor Şeyfer müasir Azərbaycanın İsrail dövləti ilə sıx tərəfdaşlıq etməsi və mədəniyyətlərarası dialoqa böyük töhfələr verməsinin önəminə dair fikirlərini paylaşıb.
Professor Şeyferdən sonra söz alan pastor Cillespi müasir dünyada radikallığın artdığı belə bir dövrdə bu kimi təşəbbüslərin olduqca dəyərli olduğunu qeyd edib. Pastor Cillespi Azərbaycanın bu baxımdan müsbət təcrübə yaratdığını söyləyərək, digər dövlətlərə bu təcrübəni öyrənməyi və davam etdirməyi tövsiyə edib. O, hər üç səmavi din – islam, xristianlıq və yəhudiliyin dünyaya eyni baxışdan yanaşdığını və bu dinlərin ortaq əsasa malik olduğunu vurğulayıb. Daha sonra öz şəxsi təcrübəsinə istinad edən din xadimi müsəlman icmalarının qonaqpərvərliyini ələlxüsus vurğulayaraq, bu icma nümayəndələri ilə təmaslarına dair xoş xatirələrini tədbir iştirakçılarına çatdırıb. Sonda pastor Cillespi hər üç din mənsublarına bir-birindən öyrənməyə, fərqliliklərə münaqişə mənbəyi kimi yox güc mənbəyi kimi yanaşmağa və birlik üçün çalışmağa dair çağırış edib.
Çıxışlardan sonra tədbir iştirakçıları spikerlərlə birlikdə mədəniyyətlərarası dialoq və tolerantlıq mövzusunda fikir mübadiləsi aparıb.