Bakı. Könül Kamilqızı – APA. Almaniyanın Frankfurt şəhərində təşkil edilən dünyanın ən böyük kitab sərgisində Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər nümayiş olunur. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 19-dan start verilən sərgidə müxtəlif sahələri əhatə edən minlərlə nəşriyyat, ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar, elektron təhsil şirkətləri və digər qurumlar iştirak edir.
Sərgi iştirakçıları arasında təhsil sahəsində dünyada aparıcı mövqeyə malik “Elsevier”, “EBSCO”, “Cambridge University Press”, “Springer” kimi beynəlxalq təşkilatlar, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar da yer alıb.
Təhsil Nazirliyi tərəfindən nümayiş etdirilən elektron dərslik portalı dərsliklərə əlçatımlılıq, istifadənin asanlığı, interaktivlik və zənginləşdirilmiş məzmun baxımından iştirakçıların marağını cəlb edib.
Hazırda Təhsil Nazirliyinin elektron dərslik platformasında (www.e-derslik.edu.az) 150-dən artıq dərslik yerləşdirilib. Bu dərsliklərdən istifadə sayı 500000-dən daha artıq olub. Sərgi oktyabrın 25-dək davam edəcək.