Bakı. Məlahət Nəcəfova-APA. Leninqrad vilayət məhkəməsi 2 nəfərin ölümündə təqsirli bilinən azərbaycanlını 18 il azadlıqdan məhrum edib.
APA-nın verdiyi məlumata görə, Fərhad Alıyev Rusiya Cinayət Məcəlləsinin qətl, soyğunçuluq və qanunsuz odlu silah və döyüş sursatı saxlamaq maddələri ilə ittiham olunub.
Məlum olub ki, Fərhad Əli oğlu Alıyev Sankt-Peterburqda yaşayıb və xüsusi taksi fəaliyyəti ilə məşğul olub. 2014-cü ilin fevralında o, avtomobilində olan evli cütlüyü soymaq üçün naməlum içki ilə onları zəhərləyib. Daha sonra o, cütlüyü Kirov rayonunda insan olmayan əraziyə aparıb və onlara məxsus əşyaları oğurlayıb. Bank kartlarından 255 min rubl (təxminən 4 min manat) pul çəkib. Hər iki şəxs zəhərlənmədən sonra huşunu itirməsi və bədən temperaturunun kəskin enməsi səbəbindən hadisə yerində ölüb.
F.Alıyev saxlanılarkən onun avtomobilindən tapança və güllələr aşkarlanıb. İstintaq zamanı təqsirləndirilən şəxs cinayəti boynuna almayıb. Lakin dövlət ittihamçısı lazım olan bütün sübutları məhkəməyə təqdim edib. Məhkəmə F. Alıyevi təqsirli bilərək onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.