Bakı. Cavid Zeynallı – APA. “İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival noyabrın 20-dən 28-dək Qoada keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
“İçəri şəhər” 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 5-ci Van gölü Beynəlxalq Film Festivalında da nümayiş etdiriləcək.
Ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.