Bakı. Hafiz Heydərov – APA. Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, 1974-cü il təvəllüdlü Kaya Heyse vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Kaya Heyseni APA-ya açıqlamasında 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olan bir şirkətə rəhbərlik etdiyini bildirib: “2014-cü ildə şirkətimiz bağlandı və mən Türkiyəyə qayıtdım. Azərbaycan dövlətinə hər hansı bir vergi borcum da yox idi. Şirkətdə bu işlərlə məşğul olan azərbaycanlı bir əməkdaşımız vardı. Onunla məsələni aydınlaşdırmağa çalışacağam”.
Kaya Heyse həmçinin qeyd edib ki, hazırda Türkiyədə sərbəst jurnalistika ilə məşğuldur: “Mən sərbəst jurnalistəm, hazırda bu işlə məşğulam. Türkiyədə və Türkiyədən kənarda reportajlar hazırlayıram”.