Bakı-APA. Yanvarın 21-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub.
APA-nın məlumatına görə, Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib: “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.
Dövlət başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı Məhəmməd Navaz Şərifə və dost Pakistan xalqına başsağlığı verib.
Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan prezidentinə minnətdarlıq edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirib.
Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirib, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirib.
Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.